Azərbaycan Silahlı Qüvvələri qısa zamanda işğal olunan əraziləri azad etməyə qadirdir. Bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov bəyan edib.
“Aprel döyüşləri zamanı torpaqlarımızın bir qisminin işğaldan azad edilməsində biz Silahlı Qüvvələrimizin döyüş ruhunu, döyüş qabiliyyətini və gücünü gördük”, - deyə Z.Həsənov cəbhəboyu zonada yerləşən daha bir yeni hərbi hissənin açılış mərasimində bildirib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.
Nazir qeyd edib ki, Ali Baş Komandan Azərbaycanın öz torpağında ikinci erməni dövləti yaranmasına imkan verməyəcəyi fikrini dəfələrlə vurğulayıb.
“Biz də prezidentin və Azərbaycan xalqının etimadını doğrultmaq üçün əlimizdən gələni edib torpaqları işğaldan qısa bir müddətdə azad edəcəyik”, - deyə Z.Həsənov bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi Silahlı Qüvvələrin maddi-texniki bazasının yaxşılaşdırılmasına xüsusi diqqət ayırır. “Bu gün də biz növbəti hərbi hissənin açılışını ediririk. Bütün bunlar Ali Baş Komandanın Silahlı Qüvvələrdə həyata keçirdiyi islahatların bariz nümunəsidir”, - deyə Z.Həsənov vurğulayıb.
O qeyd edib ki, orduda bütün istiqamətlərdə islahatlar həyata keçirilir. “Ordunun silahlanmasına ən müasir, aparıcı dövlətlərin istehsalı olan yeni silahlar, sursatlar, avadanlıq və texnikalar qəbul edilir. Silahlı Qüvvələrin sosial bazası möhkəmlənir, şəxsi heyət üçün yeni şəhərciklər istifadəyə verilir”, - deyə nazir vurğulayıb.
Z.Həsənov əlavə edib ki, bu il bir neçə hərbi hissənin açılışı həyata keçirilib. “Bunların hamısı torpaqlarımızn işğaldan azad ediməsi vəzifəsinin yerinə yetirilməsi üçün Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyədə olması məqsədilə görülən işlərdir”, - deyə müdafiə naziri bəyan edib. **
R.Babayev