“Bank Standard” iyulun 4-dən etibarən normal rejimdə fəaliyyətini bərpa edir. Bu barədə Maliyyə Bazarlrına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı ANS telekanalına müsahibəsində bildirib.
“Məhkəmənin müəyyən etdiyi öhdəliklərin icrasına dair məhdudiyyətlər (bank tərəfindən fiziki və hüquqi şəxslərin əmanət və depozitlərinin ödənişi üzrə - IF-Az) “Bank Standart”ın üzərindən tam götürüləcək. Bank 4 iyul tarixindən etibarən normal rejimdə fəaliyyətə başlayacaq”, - deyə R.Aslanlı vurğulayıb.
Onun sözlərinə görə, bazar ertəsindən etibarən “bankda fundamental sağlamlaşdırılma” prosesinə start veriləcək.
Bazar ertəsi Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumatda qeyd edilir ki, “Bank Standard”ın sağlamlaşdırılması prosesi “Azər-Türk Bank” ASC vasitəsilə həyata keçiriləcək.
Sağlamlaşdırma proqramına görə 3 avqust 2016-cı il tarixinədək “Bank Standard”ın idarəetmə orqanları yenidən formalaşdırılacaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcək.
“Bankın müştəriləri qarşısında maliyyə öhdəliklərini yerinə yetirməsi üçün zəruri vəsait ayrılıb. Banka vəsaitlər sanator-bank olan "Azər-Türk Bank" ASC tərəfindən Mərkəzi Bankın maliyyə dəstəyi hesabına 1 illik kredit xətti formasında ayrılıb”, - deyə məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən, mayın 3-dən etibarən "Bank Standard" QSC-yə 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib. Buna səbəb son dövrlər bankın aktivlərinin keyfiyyətinin pisləşməsi nəticəsində bankın likvidlik və kapital mövqeyinin zəifləməsi, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklərin yaranması idi. Mövcud səhmdarlar və idarəetmə orqanları bankda yaranmış çətinlikləri həll etmək üçün yetərli resurslara sahib deyil.
Məhkəmənin qərarı ilə mayın 3-dən iyunun 3-dək bank tərəfindən fiziki və hüquqi şəxslərin əmanət və depozitlərinin ödənişi üzrə moratorium tətbiq edilib.
“Bank Standard” artıq Mərkəzi Bankdan 6 ay müddətinə 15 mln. manat məbləğində kredit alıb.
İyun ayından etibarən fiziki şəxslərin “Bank Standard”dakı 1 min manata qədər olan xırda əmanətlərinin ödənişinə başlanılıb.
“Bank Standard” Azərbaycanın 5 aparıcı bankından biridir. **
A.Əzizov