Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilin II yarısından sığorta şirkətlərinin maliyyə dayanıqlılığının gücləndirilməsi istiqamətində tədbirlər görəcək. Bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı nəlumat verib.
"Biz sığorta sektorunun və bu sektorda mövcud olan problemlərin diaqnostikasını apardıq. İlin II yarısından sığorta şirkətlərinin maliyyə dayanıqlılığının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirəcəyik”, - deyə R.Aslanlı ANS telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, təkrar sığorta bazarında da rəqabətli mühitin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. "Biz yaxşı dayanıqlı, kapitallaşmış və rəqabətli mühitdə fəaliyyət göstərən təkrar sığorta şirkətlərinin mövcud olmasında maraqlıyıq”, - deyə sədr vurğulayıb.
Xəbər verildiyi kimi, may ayında MBNP rəhbərliyi sığorta şirkətlərinin nümayəndələri ilə görüş keçirib. Görüşdə palata tərəfindən bazarda kapitallaşma, təkrar sığortaya verilən risklər, müştərilərə göstərilən xidmətlərin keyfiyyəti, maliyyə dayanıqlılığının təmin edilməsi ilə bağlı mövcud olan əsas problemlər irəli sürülüb.*
A.Əzizov