Bakı Moskvanın Ankara ilə münasibətlərinin normallaşmasına böyük önəm verir. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəyan edib.
“Tez və ya gec bunun baş verəcəyinə əmindik. Azərbaycan prezidenti əvvəldən Türkiyə və Rusiya rəhbərliyi ilə danışıqlarda qarşılıqlı etimadın bərpası və mövcud vəziyyətdə qarşılıqlı anlaşmanın, həmçinin öncəki münasibətlərin bərpasının vacibliyini vurğulayıb”, - deyə N.Məmmədov Türkiyə prezidenti R.T.Ərdoğanın Azərbaycan və Qazaxıstan rəhbərliyinə minnətdarlığını ANS telekanlına şərh edərkən bildirib.
Onun sözlərinə görə, prezident İlham Əliyev “bu istiqamətdə çox sayda addım atıb”, bu da Türkiyə tərəfindən qeyd edilib.
“Türkiyə və Rusiya eyni regionda yerləşmə və mövcud tarixi əlaqələrə görə, bir-birinə daha yaxın olmalı və bütün sahələrdə əməkdaşlıq etməlidir”, - deyə N.Məmmədov vurğulayıb.
O bildirib ki, Azərbaycan Türkiyə üçün qardaş, dost və tərəfdaş ölkədir.
“Həmçinin, Rusiya yüz illər boyu əlaqələr qurduğumuz və bütün sahələrdə əməkdaşlıq etdiyimiz dövlətdir. Bu əməkdaşlığın möhkəmlənməsi və genişlənməsi əsas vəzifəmiz olduğundan, biz istərdik ki, Rusiya ilə Türkiyə arasında münasibətlər yaxşı olsun”, - deyə N.Məmmədov bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə Rusiya arasında münasibətlərin pisləşməsindən Ankara və Moskvadan da artıq dərəcədə narahat idi.
“Türkiyə-Rusiya münasibətlərinin normallaşması həm onların özləri, həm də Azərbaycan üçün faydalı olacaq”, - deyə N.Məmmədov vurğulayıb. **
R.Babayev