Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ATƏT-in Minsk qrupunun həmsədr-ölkələrinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu il nizamlanmasına dair səylərinin aktivləşdiyini qeyd edir.
“Hazırda həmsədr-ölkələrin liderlərinin bu istiqamətdə addım atmaq cəhdlərinin şahidi oluruq”, - deyə N.Məmmədov ANS telekanalına müsahibəsində vurğulayıb.
Onun sözlərinə görə, danışıqlar prosesinin aktivləşməsinin bir neçə səbəbi var. “Bir çoxları bu münaqişəni dondurulmuş adlandırırdı. Yəni, görürsüz, 15-20 ildir davam edir, demək gələcəkdə də sakit davam edə bilər. Lakin, erməni təxribatı nəticəsində baş verən son hadisələr bütün dünyaya münaqişənin dondurulmuş olmadığını nümayiş etdi. Bu münaqişə istənilən an yenidən alovlana bilər”, - deyə N.Məmmədov qeyd edib.
O vurğulayıb ki, bir çoxları aprel hadisələrini təhlil edəndən sonra nəticəyə gəlirlər ki, 25 il ərzində davam edən Ermənistan-Azərbaycan münaqişəsini həll etməyin zamanı çatıb.
“Ona görə bu gün münaqişənin həllinə xüsusi diqqət ayrılır. Aprel hadisələrindən sonra ABŞ-ın təşəbbüsü ilə prezidentlərin Vyana görüşü baş tutdu. Həmçinin, həm Fransa, həm Rusiya tərəfi müxtəlif görüşlərdə səylərin aktivləşməsini və danışıqların yeni mərhələsinin başlanmasını qeyd edirlər”, - deyə o qeyd edib.
Həmçinin, N.Məmmədov son zamanlar bu məsələdə rəsmi Berlinin fəallığını vurğulayıb. “Almaniya XİN başçısı Frank-Valter Ştanmayerin bu yaxınlarda Bakıya səfəri Almaniyanın bu məsələdə öz yerini tutması üçün fəal addımlar atdığını nümayiş edir. Lakin Minsk qrupunun həmsədri olmadan ATƏR-də sədrliyi dövründə bəyanatlarla çıxış edir və nizamlanma prosesinə yardım göstərilməsi imkanlarının axtarışında fəallıq nümayiş edir”, - deyə N.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyevin Almaniyanın kansleri Angela Merkel ilə bu yaxınlarda Berlində baş tutan danışıqlarında Qarabağ münaqişəsinin nizamlanması məsələsinə xüsusi diqqət ayrılıb. **
R.Babayev