Azərbaycan Ağır Atletika Federasiyası (AAAF)Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) idmançılarımızı Rio Olimpiya lisenziyalarından məhrum etməsi qərarı ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək niyyətindədir. Bu barədə AAAF-dan məlumat verilib.
“AAAF Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) idmançılarımızı Olimpiya lisenziyalarından məhrum etməsi qərarı ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək niyyətindədir”, - deyə AAAF-nın məlumatında deyilir.
Federasiya qeyd edir ki, idmançılardan götürülən dopinq-testlərin müsbət nəticə verməsi digər ölkələrdə olduğu kimi, Azərbaycan ağırlıqqaldıranlarından da yan keçməyib. “Buna görə də IWF-in idmançıların diskvalifikasiyası haqda qərarı suallar doğurur ki, AAAF da buna cavab almağa ümid edir”, - deyə məlumatda qeyd olunur.
Məlumatda bildirilir ki, Azərbaycan Antidopinq Konvensiyasına qoşulan ilk 40 ölkə arasındadır. Bundan başqa, Konvensiyaya qoşulduqdan sonra Milli Məclis tərəfindən xüsusi olaraq yaradılan Komitə vasitəsilə Azərbaycanın antidopinq üzrə qanuni işləyən ilk ölkələrdən olduğu vurğulanıb.
“Bütün bunlar Azərbaycan Ağır Atletika Federasiyasında beynəlxalq instansiyalarda iddiasının öz müsbət həllini tapacağına ümid yaradır”, - deyə məlumatda qeyd olunur. **
F.İsazadə