Türkiyə məhkəməsi ötən həftə İstanbul hava limanında törədilmiş terror aktı ilə bağlı daha 17 nəfəri həbs edib. Bu barədə yerli mətbuat xəbər verir.
“Doğan” agentliyi bildirir ki, tutulan şəxslər silahlı terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinirlər.
“Anadolu” agentliyi isə məlumat verir ki, həbs olunanların ümumi sayı 30 nəfərdir ki, onların da 11 nəfəri xarici vətəndaşdır.
Bu şəxslər məhkəmə qarşısına çıxarılacaqlar.
Xatırladaq ki, iyunun 28-də axşam saatlarında Atatürk hava limanında bir neçə partlayış baş verib. Nəticədə 43 nəfər həlak olub. “Hürriyyət” qəzeti partlayışların Özbəkistan, Qırğızıstan və əslən Dağıstandan olan Rusiya vətəndaşları tərəfindən törədildiyini iddia edir.*