Neftaçala sənaye məhəlləsinə 8 investordan onlara rezident statusunun verilməsi məqsədilə müraciət daxil olub. Bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çərşənbə axşamı jurnalistlərə məlumat verib.
“Neftaçala sənaye məhəlləsi yayın sonuna qədər fəaliyyətə başlayacaq. Artıq 8 şirkətdən rezident statusunun əldə olunmasına dair müraciət daxil olub. Həmin müraciətlərə baxılır. Həmçinin NSM-da fəaliyyətə dair xarici investorlarla müzakirələr aparılır. Ümid edirik ki, investorlar NSM-da fəaliyyətə böyük maraq göstərəcəklər”, - deyə S.Həsənova bildirib.
Onun sözlərinə görə, bu sənaye məhəlləsi ərazisində avtomobil istehsalının təşkili planlaşdırılır. Həmçinin burada emal prosesi və balıq məhsullarının konservləşdirilməsinin təşkili üzrə müzakirələr aparılır.
Öncə iqtisadiyyat naziri Şahin Mustafayevə istnadən məlumat verilib ki, Neftaçala sənaye məhəlləsi ərazisində reallaşdırmaq üçün 17 layihə təqdim olunub. İlkin mərhələdə 20 mln. manat məbləğində 7 layihə həyata keçiriləcək, bu da 380 iş yerinin açılmasına imkan yaradacaq.
Azərbaycan prezidenti İlham Əliyev 2 fevral 2015-ci il tarixində Neftçala rayonunda sənaye məhəlləsinin yaradılması haqqında fərman imzalayıb. Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə həvalə edilir.
Həmin sənaye məhəlləsinin ərazisində kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə qeyri-neft sənaye məhsullarının istehsalı və emalı üzrə müəssisələr yaradılacaq.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.**
N.Abbasova