Azərbaycanın gömrük orqanları respublika vətəndaşlarından 80 min ədəd siqaret aşkar edərək götürüb. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
Məlumatda bildirilir ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma, satış məqsədi ilə saxlama, eyni zamanda Azərbaycanın gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən müxtəlif markalı siqaretləri Azərbaycanda realizə edən Masallı rayon sakini barədə əməliyyat məlumatı daxil olub.
Daxil olan əməliyyat məlumatı əsasında həmin şəxslərin müəyyən edilərək saxlanılması məqsədilə zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Masallı rayonunda keçirilən əməliyyat nəticəsində 2 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və onlardan birinin idarə etdiyi “VAZ-21063” markalı minik avtomobilindən 80 000 ədəd siqaret aşkar edilərək götürülüb.*
F.İsazadə