Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın pilot qaydada tətbiq olunacağı əraziləri seçib.
“Pilot layihə 1 rayon və 1 şəhər tipli ərazidə həyata keçiriləcək. Rayon və şəhərin tibbi xidmət infrastrukturu və tibbi xidmətin təşkilində müəyyən fərqlər olduğundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm şəhər, həm də rayon tipli ərazidə icbari tibbi sığortanın tətbiqini sınaqdan keçirəcək”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2016-cı ildə icbari tibbi sığorta modelinin əsas məqamlarını müəyyən etməyi planlaşdırır. Daha sonra qanunvericilikdə dəyişikliklər ediləcək, tibb müəssisələrinin icbari tibbi sığortaya hazırlanması başa çatdırılacaq. 2016-cı ilin sonlarına doğru və ya 2017-ci ilin əvvəlində icbari tibbi sığortanın tətbiqi məqsədilə pilot layihənin həyata keçirilməsinə başlanacaq. Beynəlxalq təcrübədə icbari tibbi sığortaya hazırlıq prosesi və ölkə üzrə tam tətbiqi 3-5 il arasında dəyişir.
İcbari tibbi sığorta prosesində aztəminatlı ailələrə, əlil və pensiyaçılara müəyyən güzəştlər nəzərdə tutulur. Bu güzəştlərin hansı formada olacağına isə modelin tətbiqinə başlayandan sonra aydınlıq gətiriləcək.*
A.Əzizov