“SOCAR Petroleum” QSC (SOCAR-ın “törəməsi”) Azərbaycanda yanacaqdoldurma məntəqələrinin (YDM) sayını 21-ə çatdırdı. Bu barədə “Interfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Cümə axşamı Hacıqabul rayonu Pirsaat qəsəbəsində SOCAR brendi altında yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi keçirilib.
Yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar və yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem quraşdırılıb.
Bununla yanaşı, 2016-cı il ərzində “SOCAR Petroleum” özünün YDM şəbəkəsinin genişləndirilməsi çərçivəsində Şamaxıda daha iki yanacaqdoldurma məntəqəsı istifadəyə verməyi planlaşdırır.
“SOCAR Petroleum” şirkəti 2008-ci ilin yanvar ayında təsis edilib və “SOCAR” brendi altında YDM şəbəkəsini genişləndirərək neft məhsullarının pərakəndə ticarəti ilə məşğul olur. Şirkət 2010-cu ilin may ayında respublikada ilk YDM-lər açıb.
Hazırda YDM-lərdə Euro-4, Aİ-92 (Euro-2), Aİ-98 Super (Euro-5) standartalrına cavab verən Aİ-95 Premuium benzin, həmçinin maye qaz (LPG) və dizel yanacağının satışı həyata keçirilir
SOCAR brendi altında fəaliyyət göstərən məntəqələrin hər birində orta hesabla 60 nəfər çalışır. **
N.Abbasova