Azərbaycanda jurnalistlər işğal olunan ərazilərdə erməni tərəfinin girova saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşün təşkili məqsədilə təşəbbüs qrupu yaradıblar.
“İyulun 11-də Dilqəm Əsgərov və Şahbaz Quliyevin ermənilər tərəfindən girov götürülmələrindən iki il ötür”, - deyə “Interfaks-Azərbaycan” agentliyinə təşəbbüs qrupundan məlumat verilib.
Məlumatda deyilir ki, azərbaycanlılar Ermənistanın işğal etdiyi Kəlbəcər rayonunda qohumlarının qəbirlərini ziyarət edərkən girov götürülüblər.
Təşəbbüs qrupu dünya ictimaiyyətini Azərbaycanda mövcud həqiqi vəziyyət barədə məlumatlandırmaq məqsədilə yaradılıb. Bununla bağlı, təşkilata daxil olan jurnalistlərin siyahısı, o cümlədən qrupun bəyanatları BQXK və Azərbaycan və Ermənistan Ombudsmanlarına təqdim olunacaq.
Məlumatda vurğulanır ki, hazırda 4 mindən artıq Azərbaycan vətəndaşı ermənilər tərəfindən əsir və girovluqda saxlanılır.
Xarici jurnalistlər təşəbbüs qrupuna daxil ola bilərlər.
2014-cü ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal olunan Kəlbəcər rayonu ərazisində Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Üçüncü azərbaycanlı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Dağlıq Qarabağ regionun separatçı rejimi girovlar üzərində qanunsuz “məhkəmə” quraraq çıxardığa qərara əsasən, D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib. **
R.Babayev