Azərbaycan hökuməti və BMT arasında 2021-ci ilə qədər ölkə iqtisadiyyatının davamlı inkişafı üzrə Tərəfdaşlıq Çərçivə sənədi imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Sənəd 2016-2020-ci illərə nəzərdə tutulur.
Çərşənbə axşamı sənədi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai imzalayıb.
“Sənəddə bir sıra sahələrin inkişafı nəzərdə tutulur. Bunun üçün bizə təxminən $70 mln. vəsait lazımdır”, - deyə Q.İshaqzaijurnalistlərə bildirib.
Onun sözlərinə görə, Çərçivə Sazişində layihələrin maliyyələşdirilməsi BMT-nin strukturları və Azərbaycan hökuməti tərəfindən həyata keçiriləcək.
Rezident əlaqələndirici qeyd edib ki, sənəddə yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması, ASK sektorunda istehsalın artımı, ətraf mühitin qorunması, təbii fəlakət nəticəsində risklərin yumşaldılması və azalması, səhiyyə və təhsil sahələrində inkişaf kimi tədbirlərin keçirilməsini nəzərdə tutur.
Onun sözlərinə görə, Azərbaycanın inkişafı və nailiyyətlərinə baxmayaraq, BMT sosial məsələlər və bu sahəyə dəstək və töhfə verə bilər. “Söhbət insan haqqlarının müdafiəsi, gender bərabərliyi və əhalinin müxtəlif təbəqələri arasında gəlirlərin bərabər bölüşdürülməsindən gedir”, - deyə Q.İshaqzaiqeyd edib. **