Xəzər dənizində sektorların ayrılması Xəzəryanı dövlətlərin “beşliyi” üçün ən mühüm mübahisəli məsələlərdən biridir. Xəzərin hüquqi statusuna dair konvensiyada bütün tərəflərin maraqları nəzərə alınmalıdır. Bu barədə İran XİN başçısı Cavad Zərif bəyan edib.
“Bu akvatoriyada dəniz sektorlarının ayrılması sahilyanı dövlətlər arasında ən mühüm mübahisəli məsələlərdən biridir. Bununla əlaqədar tərəflər üçün ədalətli nəticələrin əldə olunması məqsədilə ölkələrin xüsusi coğrafi yerləşməsi nəzərə alınmalıdır”, - deyə C.Zərif Astanada Xəzəryanı dövlətlərin XİN başçılarının müşavirəsində çıxışı zamanı bildirib.
“Xəzər dənizi xüsusi və unikaldır, onun hüquqi statusu elə hazırlanmalıdır ki, geosiyasi dəyişikliklər nəzərə alınmaqla bütün Xəzəryanı dövlətlərin maraqlarına zəmanət versin”, - deyə nazir əlavə edib.
“Lakin, etiraf etməliyəm ki, bəzi məsələlər üzrə hələ də qarşılıqlı anlaşma əldə etməmişik”, - deyə C.Zərif vurğulayıb.
O qeyd edib ki, İran təhlükəsizlik, dənizin sülh məqsədlərlə istifadəsi, münasibətlərdə hərbi gücün istifadə olunmamasının zəmanəti, gızğın silahlanmadan imtinanın tərəfdarıdır.
“İran bu elementlərin regionda sülh və sabitliyə təminat verəcəyinə əmindir”, - deyə nazir əlavə edib.
C.Zərifin sözlərinə görə, həmçinin müxtəlif maddələrin dünya bazarlarına nəqli zamanı Xəzər dənizinin ekologiyasına diqqət yetirmək lazımdır. **