2016-cı ilin I yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 14 mln. 930,79 min ton Azərbaycan nefti nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məlumat verilib.
“Ümumilikdə kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il – İF) iyul ayının 1-nə qədər 307 mln. 606,179 min ton, o cümlədən iyun ayında 2 mln. 489,988 min ton neft yola salınıb”, - deyə məlumatda bildirilir.
Bundan başqa, iyun ayında BTC neft kəməri ilə 371,206 min ton Türkmənistan nefti nəql olunub.
Dəqiqləşdirilmiş məlumatlara əsasən, cari ilin I yarısında Ceyhan neft terminalından 14 mln. 774,66 min ton, o cümlədən iyun ayında 2 mln. 143,253 min ton Azərbaycan nefti yola salınıb. BTC-nin istismara verildiyi vaxtdan Ceyhan terminalından 305 mln. 968,432 min ton Azərbaycan nefti nəql edilib.
2015-ci ildə BTC kəməri ilə 28 mln. 835,543 min ton Azərbaycan nefti nəql edilib.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ConocoPhillips” (2,5%); INPEX (2,5%), “Total” (5%) və ONGC (2,36%) şirkətləridir.*
N.Abbasova