Bakı Xəzər dənizinin mərkəzi və cənub hissələrində dibin delimitasiyası məsələlərinin ən tez zamanda nizamlanmasına ümid edir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Biz Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizinin delimitasiyası üzrə sazişlərə xüsusi əhəmiyyət veririk və Xəzər dənizinin mərkəzi və cənub hissələrində dibin delimitasiyası məsələlərinin ən tez zamanda nizamlanmasına ümid edirik”, - deyə E.Məmmədyarov çərşənbə günü Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlər Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda həll olunmalıdır. “Azərbaycan tərəfi əmindir ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda öz həllini tapmalıdır. Tərəflər arasında, xüsusən regional sabitlik, təhlükəsizlik və Xəzər hövzəsində iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərdə inam və etibarın möhkəmləndirilməsi yolu ilə həll olunmalıdır”, - deyə E.Məmmədyarov bildirib.
Nazir qeyd edib ki, etimad tədbirlərinə həmçinin bütün Xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şəraitinin təmin olunması da daxil olmalıdır.
“Biz həmçinin əminik ki, Xəzər dənizində sabitliyin möhkəmləndirilməsi bütün Tərəflərin maraqlarının nəzərə alınmasına, eləcə də bir-birlərinin təhlükəsizliyinə zərər vurmaması, Xəzəryanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət göstərilməsi və bir-birlərinin daxili işlərinə qarışmamasına əsaslanmalıdır”, - deyə E.Məmmədyarov vurğulayıb.
XİN başçısı bildirib ki, Xəzər dənizi Xəzər regionu ölkələrinin xalqlarının iqtisadi inkişafı və rifahına, həmçinin dünya enerji təhlükəsizliyinin təmin olunmasına yönələn bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.
“Beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji resurslarının əldə olunması və beynəlxalq bazarlara nəqli ilə bağlı investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz əlaqələrin yaradılması, yüksək gəlirli və ekoloji cəhətdən təmiz texnologiyanın cəlb olunması ilə bağlı məsələlər Xəzəryanı dövlətlərin vacib prioritetləri olaraq qalır”, - deyə E.Məmmədyarov vurğulayıb. **
R.Babayev