Azərbaycanda əcnəbilərin bira sıra malların alışı zamanı Tax Free sisteminin tətbiqinə ilk olaraq H.Əliyev adına Beynəlxalq Hava Limanından başlanacaq. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə məlumat verib.
“Biz bu sistemin tətbiqnə hazırıq. İlk növbədə, Tax Free sistemi H.Əliyev adına Beynəlxalq Hava Limanında, sonra bütün nəzarət-keçid məntəqələrində tətbiq olunacaq”, - deyə o qeyd edib.
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi respublikada bir sıra malların alışı zamanı əcnəbilər üçün Tax Free sisteminin operator səlahiyyətlərini həyata keçirəcək.
Operator bu qayda ilə müəyyən edilmiş hallarda malların satışının rəsmiləşdirilməsi və əlavə dəyər vergisinin qaytarılması işlərini təşkil edir. Həmçinin operator aşağıdakı tələblərə cavab verən proqram təminatının və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir.
Şərtlərə əsasən, Tax Free sistemi yalnız istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və alındığı tarixdən 90 gün müddətində ölkə ərazisindən aparılan istehlak mallarına şamil edilir.
Bununla belə, bu sistem aşağıdakı mallara şamil edilmir: aksizli mallar; ərzaq malları; dərman preparatları və tibbi ləvazimatlar; ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallar; ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar; ixracı üçün lisenziya tələb olunan mallar; çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar; külçə şəklində qiymətli metallar; müşayiət olunmayan baqajla Azərbaycan Respublikasının ərazisindən aparılan mallar; nəqliyyat vasitələri və onların ehtiyat hissələri; poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallar.
Sistem həmçinin 14 yaşınadək şəxslər barəsində tətbiq edilmir.
Xəbər verildiyi kimi, əcbəni vətəndaş Tax Free markası ilə mağazalarda malların alışı zamanı Tax Free sisteminin imkanlarından istifadə etməısi barədə satıcıya məlumat verməlidir. Sonra ƏDV-ni qaytarmağa imkan verən elektron hesab-fakturanın doldurulması üçün alıcı xarici vətndaşlığını təsdiq edən pasportu satıcıya təqdim etməlidir. Satıcı alıcının pasport məlumatlarını qeyd edəndən sonra, ona iki nüsxədə imzalanan və ştampı qoyulan elektron vegi hesab-fakturası təqdim edəcək. Digər məlumatlarla yanaşı, həmin hesab-fakturada ödənilən ƏDV-nin məbləği və ƏDV-nin son qaytarılma tarixi qeyd olunur. **
N.Abbasova