2016-cı ilin I yarısında Azərbaycanda ÜDM 3,4% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ÜDM-in nominal həcmi 27 mlrd. 2,3 mln. manat təşkil edib.
Yanvar-iyun aylarında qeyri-neft sektorunda ÜDM 17 mlrd. 597,2 mln. manat həcmində olub (artım 6,1%).
I yarımillikdə neft sektorunda 2,1% səviyyəsində artım müşahidə olunub.
Statistik məlumatlara əsasən, hesabat dövründə ÜDM-in azalması tikinti sahəsində xidmət və məhsul istehsalının 33,6% azalması ilə şərtlənib.
Yanvar-iyun aylarında ÜDM-in 38,5%-i sənayedə, 11,8%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 9,1%-i tikintidə, 6,8%-i nəqliyyatda, 5,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2%-i informasiya və rabitə xidmətlərində, 16,3%-i digər xidmətlər sahəsində istehsal olunub.
ÜDM-də vergilərin payı 7,6% təşkil edib.
Cari ilin I yarısında ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 2 min 809,7 manata (azalma 4,5%) bərabər olub.
Azərbaycan hökuməti 2016-cı ildə ÜDM artımını 1,8% səviyyəsində proqnozlaşdırır.
2015-ci ildə Azərbaycanda ÜDM 1,1% artıb.*
A.Əzizov