Müdafiə Nazirliyi Ermənistanı Qarabağ münaqişəsi zonasında vəziyyətlə bağlı yalan məlumat yaymaqda ittiham edib.
«Ermənistan mətbuatının iyulun 14-də axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin hərəkətə keçmək cəhdi barədə yaydığı məlumat təxribatdır», - deyə nazirliyin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Nazirlik vurğulayır ki, bu, düşmən tərəfinin vəziyyəti gərginləşdirməyə hesablanmış növbəti addımıdır.
“Təəssüf ki, Ermənistan tərəfi öz təxribatlarını ört-basdır etmək və yaydığı məlumatların təsir gücünü artırmaq məqsədilə Azərbaycanın bəzi elektron informasiya vasitələrinin qeyri-dəqiq və anonim mənbəyə istinadən verdiyi xəbərdən uğurla istifadə edib”, - deyə məlumatda qeyd olunur.
“Bir daha bildiririk ki, hərbi mövzuda, xüsusilə cəbhə xəttində baş verən hadisələrlə bağlı, istənilən məlumatı yaymazdan əvvəl həmin xəbər mütləq mənada Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməli və dövlətimizin təhlükəsizlik maraqlarına xələl gətirməməlidir”, - deyə nazirliyin açıqlamasında vurğulanıb.*
R.Babayev