Azərbaycanda Maliyyə Sabitliyi Şurası yaradılıb
Prezident İlham Əliyev Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında fərman imzalayıb.
Şuranın yaradılmasında məqsəd ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunmasıdır.
Şuranın sədri Artur Rasi-zadə təyin olunub.
Şuranın üzvləri Azərbaycan Respublikası prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovdur.
Şuraya bir ay müddətində ölkədə maliyyə-kredit sektorunun mövcud vəziyyətinin təhlili, qanunvericilik bazasının ekspertizasının həyata keçirilməsi, maliyyə sabitliyinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartlar əsas götürülməklə gələcəkdə yarana biləcək təhdidlərin qarşısının alınması, makroiqtisadi sabitliyin, maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı baxışa, orta perspektivdə atılacaq addımlara və icra mexanizmlərinə dair təkliflər hazırlayıb prezidentə təqdim etmək, makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirməklə bu barədə prezidentə hər rübdən sonrakı ayın 30-dək məlumat vermək tapşırılıb.*
A.Əzizov