Prezident İlham Əliyev Türkiyədə baş vermiş hadisələri böyük narahatlıqla izlədiyini bildirib.
«Ötən gecə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd ilə bağlı hadisələri böyük narahatlıqla və üzülərək izlədim.Bu, bir tərəfdən Türkiyənin dövlətçiliyinə, digər tərəfdən Türk xalqına, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayətdir», - deyə dövlət başçısının türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda deyilir.
Prezident İ.Əliyev dövlət çevrilişi cəhdini pisləyib.
«Həmişə Türk xalqının və dövlətinin yanında olan Azərbaycan xalqı və dövləti Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir. Əminəm ki, Türkiyə xalqı və hakimiyyətinin birliyini nümayiş etdirərək çevriliş cəhdinin qarşısının alınması istiqamətində həyata keçirdiyiniz qəti tədbirlər nəticəsində qardaş ölkədə vəziyyət qısa zamanda sabitləşəcək və əvvəlki qaydasına düşəcəkdir”, - deyə məktubda qeyd olunur.
Dövlət başçısı dövlət çevrilişi cəhdinin qarşısının alınması üçün canlarını verən şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.*
F.İsazadə