“Azneft” İstehsalat Birliyi (SOCAR-ın neft və qaz hasilatı üzrə strukturu) ötən il dekabrın 4-də “Günəşli” yatağında qəzanın baş verdiyi 10 saylı dərin dəniz özülünü əsaslı təmirdən sonra istismara verib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
““Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakətdən sonra, özülün əsaslı təmiri aparılıb. Özüldəki 43 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsindən qaz-lift üsulu ilə mənimsənilərək, 2929-2888 metr intervaldan gündəlik 100 ton neft hasilatı ilə istismara daxil edilib”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, SOCAR 2016-cı ilin avqust ayında 10 saylı dərin dəniz özülündə tikinti-quraşdırma işlərini başa çatdırmağı nəzərdə tutur. İşlərin podratçısı “Neftqaztikinti” Trestidir.*
N.Abbasova