2016-cı ilin birinci yarısında Azərbaycanın xarici ticarətinin mənfi saldosu ötən ilin analoji dövründə $1 mlrd. 532 mln. 883,28 min səviyyəsində müsbət saldoya qarşı $225 mln. 770,33 min təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2016-cı ilin birinci yarısında Azərbaycanın xarici ticarət dövriyyəsi $7 mlrd. 868 mln. 693,64 min (azalma 28,05%) təşkil edib.
Bununla yanaşı, hesabat dövrü ərzində ixracın həcmi $3 mlrd. 821 mln. 461,66 min, idxalın həcmi $4 mlrd. 47 mln. 231,98 min təşkil edib. 2015-ci ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə ixracın həcmi 38,67%, idxalın həcmi isə 13,98% azalıb.
İxracın strukturunda 75,15% neftin, 5,33% neft məhsullarının, 2,98% təbii qazın, 0,19% elektrik enerjisinin, 4,36% meyvə-tərəvəz məhsullarının, 0,08% çayın, 0,77% qəndin, 0,2% bitki və heyvan mənşəli yağların, 0,66% qəndin, 0,25% spirtli və spirtsiz məhsulların, 0,71% kimya məhsullarının, 1,35% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,25% pambıq ipliyin, 1,15% qara metal və ondan hazırlanan məmulatların, 1,1% alüminium və ondan hazırlanan məmulatların, 5,1% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 14,79% ərzaq məhsullarının, 1,76% tütün və tütün məhsullarının, 0,26% sementin, 2,3% əczaçılıq məhsullarının, 3,07% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2% odun və agac məhsullarının, 14,27% qara metal və ondan hazırlanan məmulatların, 23,02% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 12,54% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,35% mebelin, 24,64% digər məhsulların payına düşüb.
Cari ilin yanvar-iyun aylarında xarici ticarət əməliyyatlarında 4,002 min özəl və dövlət müəssisəsi və 4,758 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 163 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
2016-cı ilin yanvar-iyun aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 19,91%-i), Almaniya (8,69%), Fransa (9,02%), İsrail (6,19%) və Tayvan (7,88%), əsas idxal əməliyyatlarını isə Rusiya (18,35%), Türkiyə (13,02%), Çin (6,37%), Böyük Britaniya (6,27%), ABŞ (6,06%) ilə həyata keçirib. **
N.Abbasova