“Bank Silk Way” əcnəbilərin Azərbaycanda alış-verişi zamanı Tax Free sisteminin müvəkkil bankı oldu. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Vergilər Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müvəkkil bank kimi “Bank Silk Way” ASC-ni seçib”, - deyə bankdan qeyd ediblər.
Tax Free sisteminin tətbiqinə ilk olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunda başlanması nəzərdə tutulub.
“Banklar arasında seçim edilərkən “Bank Silk Way”in hava limanında 2 saylı filialının və 1 saylı şöbəsinin fəaliyyət göstərməsi əsas götürülüb”, - deyə bankdan vurğulayıblar.
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi respublikada bir sıra malların alışı zamanı əcnəbilər üçün Tax Free sisteminin operator səlahiyyətlərini həyata keçirəcək.
Şərtlərə əsasən, Tax Free sistemi yalnız istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və alındığı tarixdən 90 gün müddətində ölkə ərazisindən aparılan istehlak mallarına şamil edilir.
Bununla belə, bu sistem aşağıdakı mallara şamil edilmir: aksizli mallar; ərzaq malları; dərman preparatları və tibbi ləvazimatlar; ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallar; ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar; ixracı üçün lisenziya tələb olunan mallar; çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar; külçə şəklində qiymətli metallar; müşayiət olunmayan baqajla Azərbaycan Respublikasının ərazisindən aparılan mallar; nəqliyyat vasitələri və onların ehtiyat hissələri; poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallar.
Sistem həmçinin 14 yaşınadək şəxslər barəsində tətbiq edilmir. **
A.Əzizov