Bakı və Moskva Azərbaycanın kənd təsərrüfatı məhsullarının tədarükünün genişləndirilməsi ilə bağlı razılığa gəliblər. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
«İyulun 18-də Moskvada Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiya çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə İşçi qruplarının görüşü keçirilib”, - deyə məlumatda bildirilir.
Azərbaycan tərəfindən İşçi qrupunun rəhbəri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Rusiya tərəfindən isə İşçi qrupunun rəhbəri kənd təsərrüfatı nazirinin müavini Sergey Levindir.
Görüşdə Rusiya Federasiyasına ixrac edilməsi məqsədilə ət və süd məhsulları istehsal edən Azərbaycan şirkətlərinin Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti tərəfindən aparılan reyestrə, həmçinin Rusiyada ət və süd məhsulları istehsal edən şirkətlərin Azərbaycanda aparılan müvafiq reyestrə daxil edilməsi, meyvə-tərəvəz məhsullarının ixracının həcminin artırılması üçün Rusiya bazarına ixrac prosesində daha əlvelişli şəraitin yaradılması, hər iki ölkədə verilən fitosanitar və baytarlıq sertifikatlarının mübadiləsinin elektron qaydada həyata keçirilməsi prosesinin sürətləndirilməsi və digər məsələlər müzakirə olunub.
“Müzakirələrin nəticəsi olaraq müvafiq orqanların qarşılıqlı əməkdaşlığının aparılması müsbət qiymətləndirilərək, daha da genişləndirilməsi məqsədəuyğun hesab edilib”, - deyə məlumatda bildirilir.*
N.Abbasova