Kənd Təsərrüfatı Nazirliyi ölkəyə idxal olunan yumurtaların salmonella virus xəstəliyinə yoluxması və onun satılması barədə bir sıra yerli KİV-in məlumatlarını təkzib edir. Bu barədə nazirlikdən məlumat verilib.
“Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bildirir ki, 2016-cı ilin müvafiq dövrü ərzində respublikaya idxal olunan digər heyvandarlıq məhsulları ilə yanaşı, ərzaq yumurtalarından da nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, biokimyəvi, ağır metalların qalıq miqdarına, antibiotiklər və digər parametrlərə görə müvafiq müayinələrdən keçirilib”, - deyə məlumatda deyilir.
Aparılan müayinələrin nəticəsinə görə, cari ilin müvafiq dövrü ərzində ölkəmizə idxal olunan ərzaq yumurtalarında hər hansı xəstəliyin törədicisi aşkar edilməyib, yoxlanılan nümunələr baytarlıq-sanitariya cəhətdən yararlı olub, yumurtaların sağlam və yeyinti üçün yararlı olması müəyyən edilib.
“İdxal edilən yumurtalarda heç bir xəstəlik mövcud deyil. Ölkəyə idxal edilən heyvan, heyvan mənşəli məhsullar, eləcə də yumurta müvafiq laboratoriya müayinələrindən keçdikdən, yeyinti üçün yararlı olması müəyyən edildikdən sonra onların satışına icazə verilir. Ölkəyə idxal edilən bütün heyvan mənşəli məhsullara nəzarət olunur”, - deyə məlumatda vurğulanır. **
N.Abbasova