2016-cı ilin birinci yarısında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 106 mln. 925,5 ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, birinci yarımillikdə qeyri-neft yükdaşımalarının həcmi 0,9% - 78,6 mln. tona qədər artıb.
Yükdaşımaların strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin payına 82,4%, dövlət sektorunun payına 17,6% düşüb. 2016-cı ilin yanvar-iyun aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yükdaşımaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 1,8% artıb.
Hesabat dövrü ərzində dəmir yolu ilə 7 mln. 21,8 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2015-ci ilin yanvar-iyun aylarının göstəricisindən 20,4% azdır.
2016-cı ilin yanvar-iyun aylarında respublikanın dəniz nəqliyyatı ilə 2 mln. 627,3 min ton (azalma 27,5%), avtomobil nəqliyyatı ilə 67 mln. 134,2 min ton (artım 2,8%), hava nəqliyyatı ilə 71,6 min ton (artım 19,1%) müxtəlif növ yük daşınıb.
Bu dövrdə daxili neft kəmərləri ilə 22 mln. 602,9 min ton neft (azalma 3,4%) nəql edilib. 17 mln. 608,8 min ton və ya nəqlin bütün həcminin 77,9%-i Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql olunub. 2016-cı ilin yanvar-iyun aylarında BTC neft kəməri ilə 2,3 mln. ton Türkmənistan nefti nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb. **
N.Abbasova