Finlandiyanın “Telko” şirkəti Azərbaycanda regional mərkəz yaratmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
AZPROMO və “Telko” arasında gələcəkdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
17 ölkədə fəaliyyət göstərən sənaye kimyası, polimerlər və sənaye yağlarının təchizatı üzrə dünya liderlərindən biri olan “Telko” şirkəti Azərbaycanda regional mərkəzin yaradılmasına qərar verib. Bununla bağlı olaraq, 13 iyul tarixində AZPROMO ilə “Telko” arasında görüş keçirilib.
Görüşdə bundan sonrakı mərhələlərdə biznesin genişləndirilməsi, ölkəmizdə fəaliyyət göstərən istehsalçılarla əlaqələrin qurulması və digər məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı xarici bazarlara çıxış əldə etmək və regionda ticarət və biznes əlaqələrini inkişaf etdirmək baxımından Azərbaycanın strateji mövqeyinin əlverişli olduğu vurğulanıb.
“Görüşdə “Telko” şirkətinin nümayəndələri Azərbaycanda istehsal olunan kimya məhsullarının şirkətin xarici ofisləri vasitəsilə dünya bazarına ixracının genişləndirilməsinin mümkünlüyü diqqətə çatdırılıb”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova