SOCAR (Azərbycan Dövlət Neft Şirkəti, ARDNŞ) və Rumıniyanın "Transqaz" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
SOCAR-ın məlumatına görə, memorandumda şirkətlər arasında qazın nəqli, eləcə də Rumıniyanın potensialından istifadə olunmaqla qazın tranziti məsələlərində əməkdaşlıq nəzərdə tutulur.
Bundan başqa, sənəd uzunmüddətli sazişlər və ya spot-sövdələşmələr əsasında, o cümlədən AGRİ layihəsi çərçivəsində maye qazın qəbulu üzrə potensial terminallar da daxil olmaqla, Rumıniya bazarına təbii və maye qaz tədarükü və treydinqi sahəsində əməkdaşlıq imkanlarının birgə öyrənilməsi kimi məsələləri nəzərdə tutur.
Görüşdə bildirilib ki, memorandumun imzalanması şirkətlər arasında əməkdaşlığı dərinləşdirmək, Cənub-Şərqi Avropa və Balkan regionunun təbii qaz bazarında fəaliyyətləri genişləndirmək imkanı verəcək.
“Memorandum enerji sahəsində, xüsusilə də təbii qazın tədarükü, nəqli, marketinqi və satışı sahələrində birgə fəaliyyətin ölkələr arasında əməkdaşlığın genişlənməsinə də əhəmiyyətli töhfə verəcək”, - deyə məlumatda bildirilir.*
N.Abbasova