Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qaradağ rayonunda sahibkarlara kreditlərin verilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
Xüsusilə, SKMF ət kəsimi, dam örtükləri və üzlük materialları, plastik qapı-pəncərə, parçaların və şirniyyat məhsulları istehsalı müəssisələrinin yaradılması üzrə layihələrin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Qaradağda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 60 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. 2016-cı ildə 250 mln. manat həcmində kreditləşmə planlaşdırılır. **
N.Abbasova