Azərbaycanda vergitutma bazasının genişləndirilməsi üçün Vergilər Nazirliyi tərəfindən ciddi vergi-büdcə təhlilləri aparılır. Bu barədə vergilər naziri Fazil Məmmədov məlumat verib.
"Vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün Vergilər Nazirliyi tərəfindən ciddi vergi-büdcə təhlilləri aparılır”, - deyə F.Məmmədov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artırılması ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişləndirilməsinin təşviqi məsələləri həmişə vergi orqanlarının diqqət mərkəzindədir.
AmCham-ın prezidenti İlqar Vəliyev palatanın ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin işlənib hazırlanmasında maraqlı olduğunu vurğulayıb. O deyib ki, AmCham Vergilər Nazirliyi ilə ölkənin vergi sistemində aparılan islahatlar, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, vergi orqanı ilə biznes strukturları arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və digər məsələləri müzakirə etməyə hazırdır.
1996-cı ildə əsası qoyulmuş “AmCham Azerbaijan” – Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, “AmCham” öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. “AmCham” 275 üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. “AmCham” Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir.*
A.Əzizov