«Zaminbank» 2006-cı ildən 2016-cı il iyulun 1-dək Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitlərindən 1,631 min ipoteka krediti verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Məlumata görə, verilmiş ipoteka kreditlərinin sayına görə aparıcı bankların beşliyinə «AGBank» (1,435 min kredit), «Xalq Bank» (1,266 min kredit), «Dəmirbank» (1,247 min kredit) və «Bank Standard» (1,181 min kredit) daxildir.
İpoteka kreditlərinin verilmə sayına görə daha az fəal bankların beşliyinə isə «Qafqaz İnkişaf Bankı» (64 kredit), «Yapi Kredi Bank» (52), «Amrahbank» (47), «Azərbaycan Sənaye Bankı» (12) və «Rabitəbank» (8) daxildir.
AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.*
A.Əzizov