SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azneft” İstehsalat Birliyi “Günəşli” yatağında 7 saylı yeni özüldə qazma işlərini sürətləndirməyi planlaşdırır. Bu barədə SOCAR-dan məlumat verilir.
“Yeni 7 saylı dərin dəniz özülündə 2-ci qazma qurğusunun avadanlıqlarının quraşdırılması işlərinə başlanılıb. Özüldə 20 quyunun qazılması nəzərdə tutulur ki, həmin avadanlığın quraşdırılması bu işləri daha da sürətləndirəcək”, - deyə məlumatda deyilir.
Bundan başqa, hazırda “Günəşli” yatağında yerləşən 14 saylı dərin dəniz özülündə növbəti 2 quyunun qazılması üzrə yenidənqurma işləri aparılır. Yaxın günlərdə quyu şaxtaları quraşdırılacaq.
Xəbər verildiyi kimi, SOCAR “Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülünü istismara verib.
Platforma dənizin 148 metr dərinliyində quraşdırılıb və 20 istismar quyusunun qazılması üçün nəzərdə tutulub. Bu quyulardan 6-sı hər birinin sutkalıq hasilatı 150 min kubmetr qaz və 15 ton kondensat təşkil edən 6 qaz, hər birinin sutkalıq hasilatı 100 ton neft və 15 min kubmetr səmt qazı təşkil edən 14 neft quyusunun qazılması üçün quraşdırılıb.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.**
N.Abbasova