22 iyul tarixindən lisenziyaları ləğv olunan “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”da əhalinin qorunan əmanətlərinin həcmi 140,3 mln. manat məbləğində qiymətləndirilir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bəyan edib.
“İlkin qiymətləndirmələrə əsasən, həımin 4 bankda qorunan əmanətlərin həcmi 40,7 min hesab üzrə 140,3 mln. manat təşkil edir”, - deyə R.Aslanlı cümə günü mətbuat konfransınsda “İnterfaks-Azəraycan” agentliyinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, hazırda sözügedən banklara ləğvedicinin təyin edilməsi prosesi gedir. R.Aslanlı əlavə edib ki, bankların əmanətçilərinə kompensasiyaların verilməsi ləğvedici təyin olunandan 7 gün sonra başlanacaq.
“Əmanətlərin Sığortalanması Fondu Palata ilə birgə bankların əmanətçilərinə kompensasiyaların verilməsi məqsədilə ciddi hazırlıq işi aparıb. Əmanətçilərə kompensasiyaların ödənilməsi üçün Fondun kifayət qədər vəsaiti var. Lazım olarsa, Mərkəzi Bank vəsait təqdim edəcək”, - deyə sədr qeyd edib. **
N.Abbasova