İyulun 22-dən lisenziyası ləğv olunan “Parabank” bank olmayan kredit təşkilatına çevrilə bilər.
Bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.
“İyulun 21-də Palatada “Parabank”ın əsas səhmdarları ilə görüş keçirilib. Onlar bankı bank olmayan kredit təşkilatına çevrimək istədiklərini bildiriblər. Qanunvericiliyə əsasən, bu mümkündür. Əgər digər səhmdarlar razılaşarsa, Palatanın Direktorlar Şurasını bu qərarı qəbul etməyə hazırıdır”, - deyə R.Aslanlı cümə günü məötbuat konfransında bildirib.
Xəbər verildiyi kimi, 22 iyul tarixindən etibarən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 4 bankın - “Dekabank”, “Parabank”, “Zaminbank” və “Kredobank”ın bank lisenziyalarını ləğv edib. Bu qərar həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edilib.
“Parabank” 1991-ci ildə yaradılıb. **
A.Əzizov