Azərbaycandan investorlar Truskavetsin infrastrukturuna fəal sərmayə yatırırlar. Bu barədə Ukraynanın Truskavets kurort şəhərinin meri Andrey Kulçinski “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bəyan edib.
“Truskavetsdə artıq kiçik Azərbaycan diasporu var, onlar burada yaxşı assimilyasiya olub. İki Azərbaycan mətbəxi restoranı, ticarət mərkəzi fəaliyyət göstərir, mehmanxana inşa edilir. Bunlar Azərbaycan sərmayələri hesabına həyata keçirilir. Biz anlayırıq ki, kənardan daxil olan külli miqdarda pul vəsaiti həm şəhər, həm də turist axını üçün müsbət nəticə olacaq. İnsanlara bura gəlib, özünü evdəki kimi hiss etmək xoşdur. Bunu Azərbaycandan olan investorların həyata keçirməsi daha yaxşıdır”, - deyə A.Kulçinski bildirib.
Onun sözlərinə görə, azərbaycanlı turistlər Truskavetsə gələn əcnəbilər arasında birinci yeri tuturlar. “Bu, ildə təxminən 3,5-4 min nəfərdir. Azərbaycanla hava əlaqəsinin daha yaxşı olmasında bəxtimiz gətirib”, - deyə mer qeyd edib.
O vurğulayıb ki, Truskavetsə səfər edən azərbaycanlıların sayı ildən ilə artır. “Bu, Azərbaycandan olan insanların maliyyə vəziyyətinin yaxşılaşması deməkdir. İkinci səbəb odur ki, onlara bura səfər etmək xoşdur. Onlar buradakı şəraitdən məmnun qalırlar. Biz buna şadıq”, - deyə A.Kulçinski vurğulayıb.
Mer Azərbaycan diasporunun nümayəndələri barədə firki ilə bölüşüb. “Azərbaycanlılar mədəni insanlardır. Onlar işləyirlər, nailiyyətlər əldə edirlər. Bu Truskavets üçün çox faydalıdır. Qarşıya yüksək hədəflər qoymaq lazımdır. Əgər qonşun yaxşı işləyib və nəticələr əldə edirsə, bu sənə ilham verir ki, daha artıq uğurlara nail olasan”, - deyə A.Kulçinski bildirib.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/677858 saytında tanış olmaq mümkündür **
F.İsazadə, R.Babayev