Azərbaycanda KİV-in müstəqil fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu sözləri Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
«Azərbaycan öz inkişaf perspektivlərini azad KİV, fikir plüralizmi mövcud olmadan görmür", - deyə o, bu gün Azərbaycan milli mətbuatının 141 illiyi münasibətilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) təşkil edilmiş tədbirdə bildirib.
Ə.Həsənov vurğulayıb ki, son illər ərzində KİV-ə 50 mln. manatdan artıq vəsait yönəldilib.
«Ölkə rəhbərliyi dəfələrlə mətbu orqanlara, o cümlədən qəzetlərə birdəfəlik maliyyə yardımı göstərib, onların borclarını silib", - deyə prezidentin köməkçisi diqqətə çatdırıb.
Onun sözlərinə görə, prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilən yeni yaşayış binasının 2016-cı ilin sonuna istismara verilməsi gözlənilir. "Azərbaycan prezidentinin təşəbbüsü ilə 2013-cü ildə jurnalistlər üçün 156 mənzildən ibarət bina tikilib. Bu il də daha bir binanın tikintisi davam edir. Dövlət başçısı tikinti işlərinin davam etdirilməsi üçün ötən gün 3 mln. manat vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. İlin sonuna kimi tikinti işləri başa çatacaq və 250-dən çox jurnalist müasir mənzillərlə təmin ediləcək", - deyə Ə.Həsənov söyləyib.*
R.Babayev