Azərbaycan, Türkmənistan və Türkiyə prezidentləri Türkmənistan qazının Avropaya nəqli məsələsini müzakirə edəcəklər. Bu barədə Türkiyənin Aşqabaddakı səfiri Mustafa Kapuçu məlumat verib.
“Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü planlaşdırılır. Görüşdə Türkmənistan qazının Avropaya nəqli məsələsi müzakirə olunacaq”, - deyə hurriyetdailynews.com saytı M.Kapuçunun sözlərindən sitat gətirir.
Diplomatın sözlərinə görə, prezidentlərin cari ilin sonuna kimi görüşü gözlənilir.
Sayt qeyd edir ki, Türkmənistan qazı TANAP qaz kəməri ilə Avropaya nəql oluna bilər.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
17 mart 2015-ci il tarixində Türkiyənin Qars vilayətində TANAP qaz kəmərinin təməlqoyma mərasimi keçirilib. Qaz kəmərinin ötürmə qabiliyyətinin ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək
TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR (ARDNŞ) - 58%, BP - 12%, BOTAS - 30%. **
F.İsazadə