“Azevrocar” və “Sunrise production” şirkətləri Neftaçala sənaye məhəlləsinin rezidentləri oldu. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
““Azevrocar” və “Sunrise production” şirkətləri Neftaçala sənaye məhəlləsinin rezidentləri oldu. Cümə günü onlara müvafiq sertifikatlar təqdim olunub”, - deyə nazirlikdən qeyd ediblər.
Beləliklə, rezidentlərin ümumi sayı 4-ə çatıb.
Neftaçala sənaye məhəlləsi yayın sonuna qədər fəaliyyətə başlayacaq. Artıq 8 şirkətdən rezident statusunun əldə olunmasına dair müraciət daxil olub.
Azərbaycan prezidenti İlham Əliyev 2 fevral 2015-ci il tarixində Neftçala rayonunda sənaye məhəlləsinin yaradılması haqqında fərman imzalayıb. Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə həvalə edilir.
Həmin sənaye məhəlləsinin ərazisində kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə qeyri-neft sənaye məhsullarının istehsalı və emalı üzrə müəssisələr yaradılacaq.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir. **
A.Əzizov