1 iyul 2016-cı il tarixinə Azərbaycan Beynəlxalq Bankının (ABB) emissiya etdiyi ödəniş kartlarının sayı 1 mln. 286,1 min ədədə çatıb. Bu barədə bankın məlumatında deyilir.
"Son 1 il ərzində bank müştərilərə xidmətin keyfiyyətini və bankomat şəbəkəsinin effektivliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb ki, bu da öz növbəsində bankın fərdi və korporativ müştərilərinin sayının artmasına səbəb olub. Nəticədə bank tərəfindən buraxılmış “Əmək haqqı” kartlarının sayında böyük artım müşahidə olunur. Ötən ilin analoji dövrü ilə müqayisədə onların sayı 44,6 min ədəd artaraq 456,6 min ədədə çatıb”, - deyə məlumatda qeyd olunur.
Hesabat dövründə bankın emissiya etdiyi ödəniş kartları ilə 13 mln. 715,261 min əməliyyat həyata keçirilib.
İyulun 1-nə ABB-nin bankomatlarının sayı 743 vahid, pos-terminallarının sayı 11,124 min vahiddir.
ABB Azərbaycanın ən iri bankıdır, nəzarət səhm paketi dövlətə məxsusdur.*
A.Əzizov