Gənclər və İdman Nazirliyi dopinqdən istifadəyə görə məsuliyyətin artırılması məqsədi ilə qüvvədə olan qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsinə dair təklifləri Milli Məclisə təqdim edib. Bu barədə gənclər və idman naziri Azad Rəhimov bu gün mətbuat konfransında məlumat verib.
"Qanunvericiliyə bir sıra əlavə və dəyişikliklərin edilməsinə dair təkliflər parlamentə təqdim edilib. Xüsusilə dopinqdən istifadəyə məcbur etməyə görə 1000 manatdan 5000 manatadək cərimə və ya iki ilədək müddətə islah işlərinə cəlb etmə cəzası təklif edilir", - deyə nazir bildirib.
Onun sözlərinə görə, eyni əməllər yetkinlik yaşına çatmayan şəxs barədə törədildikdə 1-3 ilədək azadlıqdan məhrum etmə cəzası təklif edilir.
Həmçinin bədən tərbiyəsi-idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə 3000 manatdan 5000 manatdək məbləğdə cərimələr nəzərdə tutulur.*
R.Babayev