Avqustun əvvəlində Rusiya və Türkiyə liderlərinin görüşü keçirilə bilər. Bu barədə Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç türkiyəli həmkarı Nurəddin Canikli ilə görüş zamanı bəyan edib.
“Avqustun əvvəlində ölkə rəhbərlərimizin planlaşdırılan görüşü üçün məzmunlu özül yaratmaq lazımdır”, - deyə A.Dvorkoviç bildirib.
Öz növbəsində, Türkiyə baş nazirinin müavini Nurəddin Canikli məlumat verib ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan avqustun 9-da Sankt-Peterburqa səfər etməyi planlaşdırır.N.Canikli vurğulayıb ki, Türkiyə Rusiya ilə münasibətləri ötən ilin noyabr ayında olduğundan daha yaxşı etmək istəyir. Onun sözlərinə görə, artıq Türkiyə çarter daşımalarının bərpası üçün təhlükəsizliyin təminatına dair hesabatı Rusiyaya təqdim edib.
Türkiyə baş nazirinin müavini həmçinin hərbi çevriliş cəhdi zamanı dəstəyə görə Rusiya rəhbərliyinə minnətdarlığını bildirib. **