Hesablama Palatası “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) fəaliyyətində bir sıra vergi qanunvericiliyinin pozulması faktlarını aşkar edib. Bu barədə Palatanın saytında məlumat verilir.
Hesablama Palatasının kollegiyası 2011-2013-cü illərdə AZAL tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanılması və dövlət büdcəsinə ödənilməsi, eləcə də dövlət əmlakından istifadə olunması ilə bağlı Vergilər Nazirliyi ilə birgə həyata keçirilən audit tədbirinin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.
“Yoxlamalar zamanı dövlət büdcəsinə mənfəət vergisi, əlavə dəyər vergisi
az hesablanması, nağd ödənişlərin aparılması zamanı müəyyən pozuntular açkar olunub. Lakin həmin pozuntuların əksəriyyəti yoxlama zamanı AZAL tərəfindən aradan qaldırılıb”, - deyə Palatadan qeyd ediblər.
Bundan başqa, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətlər üzrə tariflərin müvafiq qaydada tənzimlənməsi məsələsinə baxılması məqsədilə İqtisadiyyat Nazirliyinə təkliflərin, həmçinin beynəlxalq sərnişin daşıma xidmətləri üzrə aviabiletlərin agent satışı qiymətləri üzərində sonrakı müşahidə qaydasında monitorinqlərin aparılması, qiymət artımlarının səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması istiqamətlərində tədbirlərin görülməsi üçün kollegiya Qərarından çıxarışın Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına göndərilməsi qərara alınıb. **
A.Əzizov