Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün Özəlləşdirmə Portalının yaradılması və istifadəyə verilməsi ilə bağlı ictimai təqdimat keçirib. Bu barədə komitənin məlumatında deyilir.
“Yeni portal ölkədə özəlləşdirmə sahəsində həyata keçirilən tədbirlərin işıqlandırılmasını, bu sahədə şəffaflığı və çevikliyi, özəlləşdirmə prosesinə geniş ictimaiyyətin, strateji investorların cəlb edilməsini təmin edəcək”, - deyə məlumatda bildirilir.
Portal Azərbaycan, mövcud biznes mühiti, özəlləşdirilmə sahəsində milli qanunvericilik bazası, eləcə də özəlləşdirməyə açıq olan müəssisələr haqqında məlumat almaq istəyən ziyarətçilərin istifadəsi üçün çox rahatdır.
Azərbaycan və ingilis dillərində təqdim olunan portalda olan məlumatların sosial şəbəkələrdə paylaşılması imkanları da mövcuddur.
Eyni zamanda portalda özəlləşmə prosesində iştirak edən və potensial investorlar üçün yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılması məqsədi ilə "onlayn əlaqə" xidməti də fəaliyyət göstərəcək.*
N.Abbasova