Dövlət çevrilişi ilə Türkiyədə hakimiyyəti ələ keçirməyə çalışan şəxslər xalq və hökumət qarşısında gücsüz qaldılar. İqtisadiyyat naziri Şahin Mustafayev belə hesab edir.
“Xalqın azad iradəsinə qarşı işlənən qorxunc cinayətlərin təşkilatçıları Türkiyə xalqı və dövlətinin sərgilədiyi birlik qarşısında məqsədlərinə çata bilmədi”, - deyə Ş.Mustafayev Türkiyənin “Yeni Şəfəq” qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, prezidenti İlham Əliyev Azərbaycanın Türkiyə dövləti və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hökuməti dəstəklədiyini bəyan edib.
“Azərbaycan bu hadisələri dövlət çevrilişi cəhdi kimi dəyərləndirib, ən yüksək səviyyədə qınayıb və bu cəhdin qəbuledilməz olduğunu bəyan edib”, - deyə Ş.Mustafayev qeyd edib.
Nazir vurğulayıb ki, Türkiyədə baş verən hadisələr bütün Azərbaycan xalqını narahat edib və hakimiyyətin qanunsuz ələ keçirilməsi cəhdinin qarşısının alınması zamanı canlarını fəda edən şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı verib. **
F.İsazadə