Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) özəlləşdirməyə çıxarılacaq müəssisələrin siyahısını hazırlayıb. Bu barədə komitənin məlumatında ƏMDK sədrinin müavini Rafiq Cəlilova istinadən bildirilir.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2016-cı il iyunun 19-da dövlət əmlakının özəlləşdirilməsi prosesinin sürətləndirilməsi və dövlət əmlakını idarəetmə effektivliyinin artırılması haqqında fərman imzalayıb.
«Ölkə prezidentinin bu fərman və tapşırıqlarından irəli gələrək Əmlak Məsələləri Dövlət Komitəsində komissiya və işçi qrupları yaradılıb, tədbirlər planı təsdiq edilib. Komitə qabaqcıl dünya standartlarına uyğun özəlləşdirmə prosesinin həyata keçirilməsi məqsədilə uğurlu beynəlxalq təcrübəni nəzərdən keçirib. Özəlləşdirməyə çıxarılacaq müəssisələrin siyahısı hazırlanıb və təhlil edilib”, - deyə R.Cəlilov qeyd edib.
Onun sözlərinə görə, komitə tərəfindən Bakı və regionlarda müəssisələrin gələcək özəlləşdirmə perspektivləri, belə müəssisələrə yeni strateji xarici investorların cəlb edilməsi, həmçinin müəssisələrin iqtisadi durumu araşdırılıb. Bu proseslərə KPMG, PwC, “Ernst & Young” və “Deloitte & Touche” kimi nüfuzlu beynəlxalq şirkətlərdən məsləhətçilər və ekspertlər cəlb olunub. Həmin ekspertlərin özəlləşmənin optimal üsulları, strateji sahələrin idarəetməyə verilməsi və ya özəlləşdirilməsi istiqamətində tövsiyələri nəzərə alınıb.
Sədr müavini qeyd edib ki, ölkə prezidentinin tapşırığına əsasən ilk növbədə regionlarda rəqabət qabiliyyətli potensialı olan fəaliyyəti dayanmış müəssisələrin özəlləşdirilməsinə üstünlük veriləcək. Nəticədə regionlarda sahibkarlığın inkişafı və iqtisadi aktivliyin təmin edilməsinə nail olunacaq. Gələcəkdə özəlləşdirməyə çıxarılacaq müəssisələrin müasir bazar konyukturuna uyğun olaraq qiymətləndirilməsi həyata keçiriləcək. Müəssisələrdə modern yanaşmalar əsasında restrukturizasiya və sağlamlaşdırma tədbirləri görüləcək. Habelə yeni korporativ idarəetmə alqoritmləri tətbiq edilməklə belə müəssisələrdə prioritet təşkil edən özəlləşdirmə amillərinin gücləndirilməsi təmin ediləcək.*
N.Abbasova