Şirvan şəhərində “Araz” zavodunda partlayış nəticəsində yaralanan 10 nəfər stasionar müalicədədir və səhərə qədər həkimlərin nəzarəti altında qalacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Əvvəlki kimi, 10 nəfər stasionar müalicədə qalır. Onları səhərə qədər həkimlərin nəzarəti altında saxlamaq barədə qərar qəbul edilib. Onlardan 3 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir, lakin həyatları üçün təhlükə yoxdur”, - deyə nazilrikdən qeyd ediblər.
Qalan 7 nəfər yüngül xəsarət alıb.
Çərşənbə axşamı saat 15:35-də Şirvan şəhərində “Araz” zavodunda partlayış baş verib. Prezident İlham Əliyev baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Partlayış zamanı 24 nəfər xəsarət alıb. Onlardan 14 nəfər ambulator müalicədən sonra evə buraxılıb. **
A.Əzizov