Azərbaycanda siyasi vəziyyət sabitdir və referendum respublikanın cari kredit spredlərinə təsir etməyəcək. “Sberbank Investment Research” analitikləri belə hesab edirlər.
"Bu gün Azərbaycanda siyasi vəziyyət kifayət qədər sabitdir və Konstitusiyaya dəyişikliklər ölkədəki siyasi sabitlik perspektivlərini qiymətləndirməyimizə çox güman ki, müsbət təsir edəcək. Dəyişikliklərin qəbul edilməsi Azərbaycanın cari kredit spredlərinə təsir göstərməyəcək", - deyə analitiklər qeyd edirlər.
Sentyabrın 26-da keçiriləcək referendumda Konstitusiyanın 29 maddəsinə dəyişikliklərin edilməsinə dair qərar səsverməyə çıxarılacaq.
Dəyişikliklər layihəsində prezidentin səlahiyyət müddətinin 7 ilədək artırılması (hazırda 5 ildir), yaş məhdudiyyətinin aradan qaldırılması (hazırda namizədlərin yaşı otuz beşdən aşağı olmamalıdır), birinci vitse-prezident və vitse-prezidentlər (prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər) vəzifələrinin yaradılmasını, prezident vəzifədən getdikdə onun hüquq və vəzifələrinin birinci vitse-prezidentlərə (əvvəllər baş nazirə) keçməsini, prezidentin parlamenti buraxmaq və növbədənkənar prezident seçkiləri barədə elan etmək hüququ əldə etməsini nəzərdə tutur.*
A.Əzizov