Hanafi Talib Malayziyanın “Petronas” şirkətinin Azərbaycan üzrə yeni rəhbəri təyin olunub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
Energetika naziri Natiq Əliyev Malayziyanın Bakıdakı səfiri Dato Roslan Tan Sri Abdul Rahmanla görüşüb. Səfir görüşdə “Petronas” şirkətinin Azərbaycan üzrə yeni rəhbərini təqdim edib.
N.Əliyev vurğulayıb ki, dünya bazarında neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, ölkədə neft-qaz layihələri uğurla icra edilir. O, “Petronas” şirkətinin Xəzər dənizinin Azərbaycan sektorundakı fəaliyyətinə toxunaraq əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib.
Səfir Dato Roslan Tan Şri Abdul Rahman “Şahdəniz-2” layihəsində birgə fəaliyyəti uğurlu işbirliyi kimi qiymətləndirib.
"Bundan başqa, görüşdə Türkmənistan qazının Avropa bazarlarına çıxarılması və Transxəzər kəmərinin reallaşması imkanları müzakirə edilib", - deyə məlumatda vurğulanır.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.*
A.Əzizov