Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-na təyin edilmişümumxalq səsverməsinin (referendumun) nəticələri oktyabrın 21-dək açıqlanacaq. Bu barədə bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib.
Qeyd edək ki, iyulun 18-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Layihədə ölkənin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi təklif olunur.
Konstitusiyanın 100-cü maddəsinə əsasən (Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər) yaş məhdudiyyətinin aradan qaldırılması təklif olunur. Hazırda yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.
Bundan başqa, dəyişikliklər çərçivəsində prezidentin səlahiyyət müddətinin 7 ilədək artırılması nəzərdə tutulur (hazırda 5 ildir).
Təklif olunan digər dəyişikliklərə əsasən dövlət başçısı növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə elan edə bilər. Prezident vaxtından əvvəl vəzifədən getdikdə növbədənkənar seçkilərin keçirilmə müddətinin 30 aydan 60 günədək azaldılması təklif olunur.
Həmçinin Konstitusiyaya Milli Məclisin buraxılması haqqında müddəanın əlavə edilməsi, eləcə də deputat seçilmək üçün yaş həddininn 18-ə endirilməsi təklif olunur. Hazırda Milli Məclisə seçkilərdə yaşı 25-dən az olmayan şəxslər iştirak edə bilərlər.
Konstitusiya Məhkəməsi iyulun 25-də keçirilən iclasda Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı Referendum Aktı layihəsini qəbul edib.
Prezident İ.Əliyev Referendum Aktı layihəsinin 2016-cı il sentyabrın 26-da ümumxalq səsverməsinə (referenduma) çıxarılması haqqında sərəncam imzalayıb.*
F.İsazadə